Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq əlavə dəyər vergisindən (ƏDV) azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur. Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar da aparılarkən, bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparıldıqda ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir. Müəssisənin eyni zamanda həm ƏDV-yə cəlb edilən dövriyyəsi, həm də ƏDV-dən azad dövriyyəsi olduqda isə xüsusi çəki tapılır. Bəs xüsusi çəki nədir və necə hesablanmalıdır?
Xüsusi çəki müəssisənin azad dövriyyəsinin ümumi dövriyyəyə olan nisbətidir və aşağıdakı kimi tapılır:
xüsusi çəki = ƏDV-dən azad dövriyyə/(ƏDV-dən azad dövriyyə+ƏDV)-yə cəlb edilən dövriyyə.
Xüsusi çəki tapıldıqdan sonra əvəzləşdiriləcək ümumi məbləğ həmin xüsusi çəkiyə vurulur və alınmış məbləğ əvəzləşmədən çıxarılır.
Misal 1: “AA” müəssisəsinin ay ərzində ümumi dövriyyəsi 10.000 manat olub. Bnun 2.500 manatı ƏDV-yə cəlb edilən, 7.500 manatı isə ƏDV-dən azad dövriyyədir. Müəssisə ay ərzində 10.000 (18 faiz dərəcə ilə ƏDV məbləği 1.800 manat) manatlıq mal idxal edib. Şirkətin ay ərzində ödəmiş olduğu qaimələr üzrə məbləğ isə 12.000 manatdır (ƏDV məbləği 2.160 manat). Bu zaman müəssisənin əvəzləşdirə biləcəyi məbləğ nə qədər olacaq?
Öncə xüsusi çəki nisbətini tapırıq:
Xüsusi çəki = 7.500 : (2.500 + 7.500) = 0,75.
Sonra isə xüsusi çəki çıxılmadan əvəzləşdiriləcək ümumi məbləğ tapılır:
1.800 + 2.160 = 3.960 manat.
Ən sonda isə xüsusi çəkinin əvəzləşmədəki miqdarı çıxılır və yekun əvəzləşdiriləcək məbləğ hesablanır:
3.960 - (3.960 x 0,75) = 3.960-2.970 = 990 manat.
Misaldan göründüyü kimi, əgər müəssisənin dövriyyəsi yalnız ƏDV-yə cəlb edilən dövriyyə olsaydı, əvəzləşmə tam aparılacaqdı və əvəzləşdiriləcək məbləğ 3.960 manat olacaqdı. Misalda göstərilən halda isə xüsusi çəki əvəzləşmədən çıxarılır və 990 manat məbləğində ƏDV əvəzləşdirilir.
Əgər müəssisə ƏDV-dən azad dövriyyə və ƏDV-yə cəlb edilən dövriyyənin uçotunu ayrı-ayrılıqda tutursa, bu zaman ƏDV-yə cəlb edilən dövriyyəyə çəkilən bütün xərcləri əvəzləşdirmək hüququna malik olacaq.
Misal 2: “BB” müəssisəsinin ümumi dövriyyəsi ay ərzində 15.000 manat olub. Bu məbləğin 10.000 manatı ƏDV-yə cəlb edilən, 5.000 manatı isə ƏDV-dən azad dövriyyəyə aiddir. Müəssisə dövriyyələrin mühasibat uçotunu ayrı-ayrılıqda aparır və ay ərzində 16.000 manat ƏDV ödəyib. Bu məbləğin 9.000 manatı ƏDV-yə cəlb edilən dövriyyəyə aiddir, 7.000 manatı isə ƏDV-dən azad dövriyyəyə çəkilmiş xərclər üçün ödənilmiş ƏDV-dir. Bu zaman müəssisə ƏDV məbləğinin nə qədərini əvəzləşdirəcək?
Baxdığımız misalda müəssisə dövriyyələrin uçotunu ayrı-ayrılıqda apardığından ƏDV-yə cəlb olunan dövriyyəyə aid ƏDV-ni tam şəkildə əvəzləşdirəcək. Yəni müəssisənin əvəzləşdirəcəyi ƏDV məbləği 9.000 manat olacaqdır.
Müəllif: “Business Service Centre” şirkətinin maliyyə və mühasibat mütəxəssisi Anar Məmmədov
Mənbə