Əmək Məcəlləsinin 140-cı maddəsinə əsasən, məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq, məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əməkhaqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır.
BSC şirkətinin hüquqşünası Xəyalə Əfəndiyeva “vergiler.az” saytına bildirib ki, məzuniyyət günlərinin əməkhaqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əməkhaqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əməkhaqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əməkhaqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əməkhaqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Həmin maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əməkhaqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir.
Məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı diqqət edilməli olan mühüm məqamlardan biri məzuniyyətdən əvvəlki hansı təqvim aylarının əsas götürülməsidir. Bu zaman iki hal ayrı-ayrılıqda nəzərdən keçirməlidir:
Belə ki, müəssisədə əmək müqaviləsi əsasında 12 təqvim ayından çox işləyən işçi işə qəbul olunduğu tarixdən başlayaraq hər hansı səbəbdən 12 təqvim ayını bütövlükdə işləmədiyi hallarda orta əməkhaqqının hesablanması zamanı həmin işçinin işləmədiyi dövrlər çıxılmamaq şərtilə 12 ay əsas götürülməlidir.
Misal 1: “X” MMC-nin işçisi Məmmədov Əli Məmməd oğlu 2018-ci ilin sentyabr ayının 5-də işə qəbul olunub, 2019-cu ilin noyabr ayının 5-də işçinin təşəbbüsü ilə onun əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin işçi 2019-cu ilin yanvar ayının 5-dən mart ayının beşinədək, 2 ay müddətinə ödənişsiz məzuniyyətə çıxmışdır. Bu halda işçi işlədiyi müddətdə 2 ay ödənişsiz məzuniyyətdə olduğu üçün həmin dövrdə əmək fəaliyyətinin olmamasına baxmayaraq 12 ay əsas götürülür və əvvəlki 12 təqvim ayının əməkhaqqının cəmlənmiş məbləği 12 aya və 30,4-ə bölünməklə bir günlük orta əmək haqqının məbləği müəyyən edilir.
İkinci hala gəldikdə isə Əmək Məcəlləsində təsbit olunmuş, “12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır” maddəsində “faktik işlədiyi tam təqvim ayı” ifadəsinin özündə nəyi ehtiva etməsi məsələsinə diqqət yetirilməlidir. Nəzərə alınmalıdır ki, işçinin “faktik işlədiyi tam təqvim ayı” dedikdə, onun işə qəbul olunmasından başlayaraq əmək məzuniyyətinə çıxmasınadək bütün dövrlər hesablanmalıdır. Lakin bu zaman işə qəbul və (və ya) məzuniyyətə çıxma təqvim ayının əvvəlində baş verməyibsə, həmin ay (lar) nəzərə alınmır.
Misal 2: “Y” MMC-nin işçisi Əliyev Məmməd Əli oğlu 13 yanvar 2020-ci il tarixdə işə qəbul olunub, işəgötürənə müraciət edərək 20 noyabr 2020-ci il tarixdən 1 aylıq ödənişli məzuniyyətə çıxır. Bu zaman işə qəbul yanvar ayının 13-də, məzuniyyətə çıxma isə noyabr ayının 20-də baş verdiyi üçün həmin aylar “faktiki işlənmiş tam təqvim ayı” hesab olunmur və nəzərə alınmır. Yəni işçinin işlədiyi tam təqvim aylarının sayı 9-dur.
Misal 3: “Z” MMC-nin işçisi Məmmədova Nəzrin Məmməd qızı 01 yanvar 2021-ci ildə işə qəbul olunmuş, 2021-ci ilin noyabr ayının 16-da işçinin təşəbbüsü ilə onun əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin 2021-ci ilin may ayında həmin şəxs 3 günlük ödənişsiz məzuniyyətə çıxmışdır. May ayında şəxsin məzuniyyətə çıxmasına və həmin ayda əmək fəaliyyətinin olmamasına baxmayaraq orta əmək haqqının hesablanması zamanı həmin ay nəzərə alınır. Yəni işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən onun məzuniyyətdən əvvəlki 10 təqvim ayının əməkhaqqının (çünki əvvəlki misalda qeyd olunduğu kimi noyabr ayı nəzərə alınmır) cəmlənmiş məbləği 10 aya və 30,4-ə bölünərək bir günlük orta əməkhaqqının məbləği müəyyən edilir.
Qanunvericiliyin tələblərinə əsasən, işçiyə məzuniyyət vaxtı üçün orta əməkhaqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən, işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilir.
Müəllif: “Business Service Centre” şirkətinin hüquqşünası Xəyalə Əfəndiyeva
Mənbə