Əsas vəsaitlərin təmirinə sərf edilən xərclərin gəlirdən çıxılması

Hər bir müəssisənin gəlir (mənfəət) vergisi hesablanarkən, gəlirin əldə edilməsi ilə bağlı müəyyən xərclər ümumi gəlirdən çıxılır. Həmin xərclərdən biri də əsas vəsaitlərin təmirinə sərf edilən xərclərdir. Həmin xərclərin gəlirdən çıxılmasının spesifik xüsusiyyətləri vardır. Təmir xərcləri normalarının və icra edilmiş təmir işlərinin məbləğləri ayrı-ayrı kateqoriyalar üzrə uçota alınır və biri o birinə aid edilmir. Mövzunu BSC konsaltinq şirkətinin layihə rəhbəri Günel Poladova və hüquqşünası Nəsrin Cəbrayılova şərh edir.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 115.1-ci bəndində qeyd olunur ki, hər il üçün gəlirdən çıxılmalı olan təmir xərclərinin məbləği əsas vəsaitlərin hər bir kateqoriyasının əvvəlki ilin sonuna balans üzrə qalıq dəyərinə müvafiq olaraq torpaqların yaxşılaşdırılması üzrə kapitallaşdırılmış xərclər, binalar, tikintilər və qurğular üzrə həmin əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 2 faizi, maşınlar və avadanlıqlar, nəqliyyat vasitələri üzrə həmin əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 5 faizi, digər əsas vəsaitlər üzrə həmin əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 3 faizi və köhnəlmə (amortizasiya) hesablanmayan əsas vəsaitlər üzrə sıfır (0) faizi həddi ilə məhdudlaşdırılır. Təmir xərclərinin faktiki məbləği bu hədd ilə müəyyənləşdirilən məbləğdən az olduqda, gəlirdən təmir xərclərinin faktiki məbləği çıxılır. Bu halda növbəti vergi illərində təmir xərclərinin gəlirdən çıxılan məbləğ həddi təmir xərclərinin faktiki məbləği ilə müəyyənləşdirilmiş hədd üzrə hesablanmış məbləği arasındakı fərq qədər artırılır.

Xüsusi olaraq vurğulamaq lazımdır ki, amortizasiya olunmayan, köhnəlmə (amortizasiya) hesablanmayan əsas vəsaitlərin təmirinə çəkilmiş xərclər (torpaqların yaxşılaşdırılmasına çəkilən xərclər istisna olmaqla) gəlirdən çıxılmır və onların balans dəyərini artırır.

Misal: Müəssisənin balansında olan nəqliyyat vasitələrinin 2016-cı ilin sonuna qalıq dəyəri (amortizasiya çıxıldıqdan sonra) 40 000 manatdır. 2017-ci il ərzində əlavə 20 000 manat məbləğində nəqliyyat vasitələri alınmış, onların ləğvi, satışı ilə bağlı əməliyyatlar olmamış və onların təmirinə 8 000 manat xərc çəkilmişdir. 2018-ci ildə əlavə olaraq 10 000 manat dəyərində nəqliyyat vasitələri alınmış, yararsız olduqları üçün 30 000 manat dəyərində ləğv olunmuşdur. 2018-ci il üzrə hesablanmış amortizasiya ayırmalarının məbləğini hesablayaq.

İlkin olaraq 2017-ci ildə çəkilmiş təmir xərclərinin normadan artıq olan hissəsini müəyyənləşdiririk. Bunun üçün təmir xərclərinin normasını nəqliyyat vasitələrinin əvvəlki ilin sonuna qalıq dəyərinə tətbiq edərək 2 000 (40 000 x 5%) manat alırıq. 2017-ci ildə faktiki çəkilmiş təmir xərclərinin normadan artıq olan hissəsi 6 000 (8 000 – 2 000) manat təşkil edəcəkdir. Onda 2017-ci ilin sonuna qalıq dəyərini müəyyən etmək üçün ilin əvvəlinə qalıq dəyərini təmir xərclərinin normadan artıq olan hissəsi və 2017-ci ildə alınmış əsas vəsaitlərin dəyəri ilə toplamaq lazımdır. Bu məbləğ 66 000 (40 000 + 6 000 + 20 000) manat təşkil edəcəkdir. Həmin məbləğə amortizasiya ayırmaları normasını tətbiq edərək 2017-ci il üçün amortizasiya ayırmaları məbləğini müəyyən edirik: 66 000 x 25 % = 16 500. 2017-ci ilin sonuna qalıq dəyərindən amortizasiya ayırmaları məbləğini çıxaraq 2018-ci ilin əvvəlinə nəqliyyat vasitələrinin qalıq dəyərini hesablayırıq: 66 000 – 16 500 = 49 500 manat. Həmin məbləğə 2018-ci ildə daxil olan 10 000 manat əlavə olunur və yararsız olduğu üçün 30 000 manat nəqliyyat vasitələrinin dəyərini çıxaraq 2018-ci ilin sonuna amortizasiya hesablamaq üçün qalıq dəyərini müəyyənləşdiririk: 49 500 + 10 000 – 30 000 = 29 500 manat. Aldığımız məbləğə amortizasiya normasını tətbiq etsək, 2018-ci il üçün 7 375 (29 500 x 25 %) manat amortizasiya məbləğini müəyyənləşdiririk.

Vergi Məcəlləsinin müddəaları yalnız təmir xərclərinin gəlirdən çıxılan məbləğini məhdudlaşdırır və vergi ödəyicilərinin digər mənbələr hesabına təmir işlərini həyata keçirməsini qadağan etmir.

2021-10-07

Mənbə

Qiymətləndirmə fəaliyyəti necə tənzimlənir?
Qiymətləndirmə fəaliyyəti necə tənzimlənir?

“Business Service Centre” şirkətinin maliyyə və mühasibatlıq işləri üzrə layihə...

Fərdi sahibkar şəxsi istehlak məqsədilə cəlb etdiyi vəsaitləri necə rəsmiləşdirməlidir?
Fərdi sahibkar şəxsi istehlak məqsədilə cəlb etdiyi vəsaitləri necə rəsmiləşdirməlidir?

Business Service Centre” şirkətinin maliyyə və mühasibat işləri üzrə layihə rəhb...

Vergilər və sosial ödənişlər üzrə borcların silinməsi hansı ardıcıllıqla həyata keçirilir?
Vergilər və sosial ödənişlər üzrə borcların silinməsi hansı ardıcıllıqla həyata keçirilir?

“Business Service Centre” şirkətinin maliyyə və mühasibatlıq işləri üzrə 2-ci də...